"Sülh yoxdursa, silahlar danışacaq" prinsipi işə düşür -  Elxan Şıxəliyev

16:18 11.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Erməni hərbiçilərinin sərhəddə atəşkəsi pozması, "Sülh yoxdursa, silahlar danışacaq" prinsipinin nəticəsidir.

Bunu hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev ermənilərin Xocavənd istiqamətində sərhəd postlarımızı atəşə tutması ilə bağlı açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, biz Soçi, Brüssel görüşündən sonrakı mərhələdə gördük ki,  Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması yönündə meyilli görünmədi. Bunun fonunda da atəşkəsin pozulmasının  artan istiqamətdə getdiyini müşahidə edirik.

E.Şıxəliyev bildirib ki, biz erməni hərbi cinayətkarların atəşkəsi pozarkən hansı cavabı alacaqlarını nümunələrlə onlara göstərmişik.

“Bu nümunəni Qarabağda sülhməramlıların nəzarətində olan bölgədə, xüsusən də Fərrux əməliyyatında göstərdik. Və bununla da bizim silahlı qüvvələr ermənilərə bəyan etdi ki,  sülhməramlılara arxalansalar da, bu cür hərbi təxribatlara getməməlidirlər. Yəni biz sülhməramlıların nəzarətində olan ərazilərdə də ermənilərin hərbi təxribatına qarşı əks əməliyyatlar keçirməyin nümunələrini göstərmişik. Eyni zamanda ermənilər üçün 12-14 sentyabrda sərhəddə törətdikləri təxribatların nə ilə nəticələnməsinin nümunələri var. Və indiki zamanda ermənilərin törətdiyi hərbi təxribatların qarşılığında hansı cavabların olacağı bu nümunələrdən biri ilə nəticələnə bilər”.

E.Şıxəliyev qeyd edib ki, bu gün erməni hərbiçilərinin sərhəddə atəşkəsi pozması Ermənistanın ölkəsinə gətirdiyi Avropa İttifaqının texniki missiyası və ATƏT-in müşahidəçi qrupunun 400-nəfər heyyətinin hazırlayacağı hesabatlar üçün ssenariləşdirilir.  

“Ermənilər sərhəddə elə bir vəziyyət yaratmaq istəyirlər ki, guya bütün təxribatları Azərbaycan törədir və sonra da bundan Azərbaycan əleyhinə  hesabatlar hazırlansın. Digər tərəfdən erməni baş nazir Paşinyan özünün çıxışında Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə qınamaq istəyib. Bu qədər cinayətlər törədən Ermənistanın bu gün Azərbaycanı günahkar çıxarmaq cəhdləri həyasızlığın son həddidir. Bütün hallarda ermənilər atəşkəsi pozursa, Azərbaycan tərəfi cavabını vermək məcburiyyətində qalır. Ermənilər də öz etdiklərini yox, Azərbaycanın verdiyi cavabı beynəlxalq missiyalar göstərməklə nəticədə ölkəmizə qarşı sanksiyaların tətbiqinə nail olmağa çalışırlar. Erməni revanşistlərin uzağa gedən niyyətləri odur”.